Sumqayıt universitetinin kollektivi talassemiya və hemofiliyalı xəstələr üçün qan veriblər
Sumqayıt, 27 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Aprelin 27-də Sumqayıt Dövlət Universitetinin (SDU) və Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə “Qan ver, yaşat!” devizi ilə keçirilən qanvermə aksiyasına tələbələr həvəslə qoşulublar.
SDU-dan AZƏRTAC-a bildirilib ki, qanvermə aksiyasında məqsəd talassemiya və hemofiliya irsi xəstəliyindən əziyyət çəkən uşaq və yeniyetmələrə kömək olmaqdır.
Universitetin çoxsaylı professor-müəllim, tələbə və əməkdaşlarının könüllü olaraq iştirak etdikləri aksiyada Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub, daha sonra isə qan götürülüb. Qan Bankına toplanan qanın plazma hissəsi hemofiliyadan əziyyət çəkən xəstələrə, eritrositar kütləsi isə talassemiyalı xəstələrə köçürüləcək.