Sumqayıtda “Eko fikir–eko film” layihəsinə start verilib
Sumqayıt, 1 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Gənclər Evində “Eko fikir-eko film” layihəsi çərçivəsində ilk müsabiqə keçirilib. Layihə Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, ilk tədbirdə layihə çərçivəsində elan edilmiş videosüjet müsabiqəsi keçirilib.
Bildirilib ki, layihənin məqsədi gənclərin ətraf mühitin mühafizəsinə olan münasibətini müsbət istiqamətdə dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrini, məsuliyyətini artırmaqdır. Bununla yanaşı, ekologiyanın qorunması sahəsində yaradıcı ssenariləri üzə çıxarıb videosüjet formatında lentə alaraq onları təbliğ etməkdir.
Vurğulanıb ki, I müsabiqəyə beş ssenari təqdim edilib, onlardan ikisi çəkilişə uyğun hesab olunub.
Çıxışlarda layihənin gənclərin ictimai məsuliyyətinin inkişafına, rejissorluq sahəsində bacarıqlarını nümayiş etdirmələrinə, məsuliyyət hissinin artırılmasına, ətraf mühitin qorunması qaydalarına əməl etmələrinə, ekoloji problemlərin aradan qaldırılmasına müsbət təsir edəcəyinə inam ifadə olunub.
Daha sonra videosüjetlərə baxış keçirilib və ekspertlərin rəyinə əsasən “Sağlam mühit gələcəkdir” I, “Ağac insan sağlamlığının keşikçisidir” II, “Təbiətimizi qoruyaq” adlı videosüjet isə III yerə layiq görülüb.
Sonda iştirakçılara sertifikatlar, qaliblərə isə hədiyyələr təqdim olunub.