Sumqayıtda “Zəngəzur” restoranında mənşəyi məlum olmayan məhsullar aşkar edilib
Bakı, 24 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sumqayıt şəhəri, 17-ci mikrorayon, Niyazi küçəsində fiziki şəxs Ağazadə Cahid Nadir oğluna məxsus “Zəngəzur” restoranında yoxlama keçirilib.
Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, gigiyena tələblərinə əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin ayrıca saxlanılması üçün xüsusi yerlərin və ya dolabların təşkil edilmədiyi, həmçinin son istifadə müddəti bitmiş, üzərində markalanması aparılmayan və mənşəyi məlum olmayan müxtəlif növ qida məhsulları aşkarlanıb.
Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.