Şura sədri: MEK-də gənc alim və mütəxəssislərin elmi fəaliyyətinə dəstək göstəriləcək
Bakı, 5 fevral, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb.
Şuranın sədri MEK-in Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Cavid Məmmədli AZƏRTAC-a açıqlamasında Gənc Alim və Mütəxəssislər Şurasının yaradılmasının məqsədi, əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti gənc nəslin elmi, intellektual və peşəkar inkişafının təmin olunmasını, onların cəmiyyətin bütün sahələrində fəal iştirakını prioritet istiqamət kimi müəyyən edir. Bu siyasətin tərkib hissəsi olaraq elm və təhsil mühitində gənclərin təşəbbüslərinin dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır.
AMEA Mərkəzi Elmi Kitabxanasında yaradılan Gənc Alim və Mütəxəssislər Şurasının əsas məqsədi kitabxanada fəaliyyət göstərən gənc mütəxəssislər və tədqiqatçıların elmi potensialının artırılması, onların peşəkar inkişafının dəstəklənməsi və elmi fəaliyyətə marağının stimullaşdırılmasıdır. Şura gənclərin elmi təşəbbüslərini təşviq etməklə yanaşı, onların peşəkar problemlərinin həllinə kömək göstərir, təhsil və elmi fəaliyyətlərini təmsil etdikləri qurumla daha sıx inteqrasiyanı təmin edir.
“Eyni zamanda Şura AMEA-nın digər elmi-tədqiqat institutları, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, mütəxəssislər arasında əlaqələrin koordinasiyası istiqamətində fəaliyyət göstərir. Gənc alim və mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif elmi, maarifləndirici və mədəni tədbirlərin təşkili Şuranın əsas fəaliyyət istiqamətlərindəndir. Bununla yanaşı, ölkənin əlamətdar tarixi günlərində, dövlət bayramlarında və hüzn günlərində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına və AMEA Rəyasət Heyətinin qərarlarına uyğun olaraq kitabxanadaxili tədbirlərin təşkili də Şuranın prioritet vəzifələri sırasında yer alır”, - C.Məmmədli bildirib.