Suraxanı rayonunda şəhidlərin bulaq-xatirə kompleksinin açılışı olub
Bakı, 1 noyabr, AZƏRTAC
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Vətən müharibəsi şəhidləri - əsgər Qasımlı Muxtar Əli oğlunun və əsgər Qəhrəmanov Orxan Səlvər oğlunun adlarının əbədiləşdirilməsi məqsədilə inşa edilmiş bulaq-xatirə kompleksinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının rəhbərliyi və nümayəndələri, şəhid ailələri, qazilər, qəsəbə sakinləri, mətbuat nümayəndələri və şəhidlərin doğmaları iştirak ediblər.
Tədbirdə çıxış edən hər iki şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid əsgər Qasımlı Muxtar Əli oğlu “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, şəhid əsgər Qəhrəmanov Orxan Səlvər oğlu isə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.