ELM VƏ TƏHSİL
Şuşa şəhərinin azad edilməsi müharibənin gedişinə həlledici təsir göstərdi – elmi-praktik konfrans
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 8 Noyabr - Zəfər Gününə həsr edilən elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Şuşadan olan rəssam Rövşən Bayramovun doğma yurduna həsr etdiyi rəsm əsərlərinin sərgisi ilə tanışlıq olub.
Konfransda Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Azərbaycanda əldə edilən nailiyyətlərdən danışıb, ölkənin uğurlu inkişafı sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadi və siyasi gücümüzün artdığını bildirib. Qeyd olunub ki, müstəqil Azərbaycan Respublikası bu gün hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib.
U.Ələkbərov diqqətə çatdırıb ki, müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşdi. Xalqımızın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı nəticəsində ölkəmiz parçalanma təhlükəsindən xilas oldu və bütün sahələrdə inkişafın əsası qoyuldu.
Akademik 44 günlük Vətən müharibəsindən, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən söz açıb. O, Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlığını qeyd edib. Rektor bildirib ki, Qələbəmizin başlıca amili Prezident, Ali Baş Komandan İlham Əliyevin uzun müddət ərzində həyata keçirdiyi güclü dövlət idarəetməsi strategiyası olub.
Konfransda Milli Məclisin deputatı, DİA-nın “Siyasi Araşdırmalar İnstitutu”nun direktoru, professor Elman Nəsirov, deputat Aydın Mirzəzadə, DİA-nın “Qarabağ irsinin araşdırılması mərkəzi”nin rəhbəri professor Elçin Əhmədov və başqaları Vətən müharibəsində qazandığımız tarixi Qələbənin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, noyabrın 8-də Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsi, eləcə də Qarabağın, o cümlədən Şuşa şəhərinin əsl tarixi siması, ənənələri və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan işlərdən bəhs edilib. Qeyd olunub ki, Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə qədim Şuşa şəhərinin rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi.