Şuşa tarixən milli hisslərimizin, düşüncələrimizin katalizatoru, lakmus kağızı olub
Bakı, 5 yanvar, AZƏRTAC
Şuşa tarixən milli hisslərimizin, düşüncələrimizin katalizatoru, lakmus kağızı olmuşdu. Yalnız bizim günlərdə deyil, cümhuriyyət havasının ruhlara hakim kəsildiyi uzaq 1920-ci ildə də xalqı sıx birləşməyə, “dəmir yumruğa” çevrilməyə vadar edən böyük mənəvi gücə çevrilmişdi.
Bu fikirlər diplomat, ədəbiyyatşünas alim Vilayət Quliyevin AZƏRTAC-a təqdim etdiyi “Şuşa ili - Zəfərimizin dəlili!” sərlövhəli məqaləsindən götürülüb .
Müəllif fikrinin sübutu olaraq dörd yüz nəfərdən ibarət Şəki könüllülərinin başçısı kimi Şuşanı düşmən əsarətindən qurtarmağa yollanan xalq müəllimi - gələcəyin görkəmli türk tarixçisi Şevket Sürəyya Aydəmirin “Suyu arayan adam” adlı xatirələrini misal çəkir, xalqımızın Şuşa sevgisini təsvir edən bu sözlərini sitat gətirir: “Ata mindim. Dəstənin önünə keçdim. Qaladan çıxıb şəhərin ana küçəsi ilə düzənliyə tərəf enməyə başladıq. Qabaqda uca səslə təkbir oxuyanlar gedirdi. Yolların kənarları, pəncərələr, balkonlar, divarların, ağacların, damların üstü yüzlərlə qışqıran, ağlayan, alqışlayan qadın, kişi, qoca, cavan və uşaqlarla dolmuşdu. O günə qədər ömründə savaş görməyən, hətta vətənini yalnız evinin və kəndinin hüdudları daxilində təsəvvür edən bu xalq indi ilk dəfə olaraq məmləkətin uzaq bir parçasının və o parça üzərində yaşayan qardaş-bacılarının xilası üçün yola çıxmışdı. Həm də bu yolçuluqdan narazı deyildi, əksinə öyünür, qürur duyurdu”.
Vilayət Quliyev məqaləsində yazır ki, oxşar hissləri ömründə Şuşanın üzünü görməyən, böyük əksəriyyəti isə onun işğalından sonra doğulan gənclərimiz də yaşamışdılar. O bu hissin haradan yarandığı, Azərbaycan insanının niyə bütün varlığı ilə Şuşaya can atdığı barədə sualı litvalı jurnalist, xalqımızın haqq işimizə dəstək olan əsərlərin müəllifi Riçardas Lapaitisin dili ilə cavablandırır: “Obyektivimin yaddaşında yaxın keçmişin başqa anları da əksini tapıb. Həmin məqamlar işğalçının Azərbaycanla bağlı hər şeyə kəskin nifrət motivləridir. Otuz il ərzində Ermənistan burada özünə aid olmayan nə varsa hamısını - mədəniyyət abidələrini, əlyazmaları, məscidləri, müqəddəs kitabları, daş işləmələri, qədim məzarlıqları, böyük şairin məqbərəsini uçurub-dağıtmaqla, Yer üzündən silməklə məşğul idi. Otuz illik faşizm dönəmi istər insan resursları, istərsə də mədəni irs baxımından dəhşətli itkilərlə müşayiət olunmuşdu. Nəhayət ki, Şuşa etibarlı əllərdədir. Şuşa, işğalçı üçün sən sadəcə ərazi idin. Amma azərbaycanlı üçün Vətənsən!”.