Tailandda qasırğa 2 nəfərin ölümünə səbəb olub
Bakı, 29 mart, AZƏRTAC
Tailandın şimal və şimal-şərq bölgələrindəki 11 vilayətdə müşahidə olunan qasırğa ciddi fəsadlar və insan itkisi ilə nəticələnib. İki nəfər güclü küləyin kökündən qopardığı ağacın altında qalaraq ölüb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, martın 28-dən güclənən qasırğa 94 yaşayış məntəqəsində 400-dən çox evin zərər görməsinə, elektrik dirəklərinin aşmasına, nəqliyyatın hərəkətində fasilələrin yaranmasına səbəb olub.
Ölkənin meteorologiya xidməti qarşıdakı iki gündə küləyin daha da güclənəcəyi, şiddətli yağışların müşahidə olunacağı ilə bağlı xəbərdarlıq edib. Sakinlərə açıq havaya çıxmamaq, yüngül konstruksiyalı tikililərin, ağacların altında dayanmamaq tövsiyə edilib.