Tarix Muzeyinə şəhid Azad Hümbətova məxsus əşyalar təhvil verilib
Bakı, 6 aprel, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinə II Qarabağ müharibəsinin şəhidi, baş leytenant Azad Hümbətova məxsus əşyalar təhvil verilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, şəhid A.Hümbətovun hərbi geyimi, fotoşəkli, qol saatı muzeyin elmi işçisi Sahibə Ələkbərova tərəfindən muzeyə təqdim edilib.
Azad Hümbətov 1996-cı ildə Bakı şəhərində anadan olub. Vətən müharibəsi başlayan gündən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonları istiqamətlərində gedən döyüşlərdə iştirak edərək düşmən qüvvələrinə sarsıdıcı zərbələr endirib. Tank taqımı komandiri olan Azad Hümbətov dəfələrlə döyüş yoldaşlarını düşmən mühasirəsindən yaralı halda çıxarıb. Laçın istiqamətində gedən döyüşlərdə komandirlik etdiyi tankı ilə minaya düşərək yaralanıb. A.Hümbətov ayağından aldığı qəlpə yarasına görə Beyləqan hospitalına göndərilib. Lakin iki gündən sonra müalicəsini yarımçıq qoyaraq döyüş meydanına qayıdıb. Ailəsi isə onun yaralı vəziyyətdə olmasından, müalicəsini yarımçıq qoyaraq döyüş meydanına qayıtmasından yalnız şəhid olandan sonra xəbər tutur. Döyüşlər zamanı rəhbəri olduğu tank bölüyündən, ona ehtiyac olan piyada döyüş bölüyünə rəhbər təyin edilib. Oktyabrın 27-də Laçın uğrunda döyüşlərdə öz bölüyü ilə geri dönən zaman düşmən tərəfindən artilleriya atəşinə məruz qalıb və ağır yaralanıb. Xəstəxanaya çatana qədər gözlərini əbədi yumub. A.Hümbətov ikinci Fəxri Xiyabanda dəfn olunub.
İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə şəhid Azad Hümbətova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda”, “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.