Tarixdə baş verən faciələrin təkrarlanmaması üçün ondan düzgün nəticə çıxarılmalıdır - gənclərlə görüş
Quba, 26 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba regional "ASAN xidmət" mərkəzində keçirilən anım mərasimində Xocalı soyqırımının törədilməsinin amansız nəticələrindən, bu bəşəri cinayətə ilk dəfə siyasi-hüquqi qiymətin verilməsindən, faciənin dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanıdılmasından, Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərdən bəhs olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində 26 Fevral - Xocalı Soyqırımı Günü ilə əlaqədar "ASAN Könüllüləri" Təşkilatının Quba regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü və “Səs” media qrupunun dəstəyi ilə təşkil edilib.
Anım mərasimində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sabir Şahtaxtının “Xocalı həqiqətləri!” mövzusunda məruzəsində Xocalı soyqırımının bəşəri cinayət olduğu faktlarla əsaslandırılıb. Məruzəçi faciənin soyqırımı aktı kimi tanıdılması istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyində qəhrəman Azərbaycan Ordusunun qazandığı Qələbənin dövlətçilik tariximizdə böyük təntənə olduğunu ifadə edən S.Şahtaxtı bildirib ki, gənclər buna baxmayaraq tarixdə olub-keçənləri unutmamalıdırlar.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva məruzə ətrafında fikirlərini bölüşərək, Azərbaycan xalqının dövlətçilik tarixinə ekskursiya edib. Bildirilib ki, tarixdə baş verən xoşagəlməz hadisələrin, acıların və faciələrin təkrarlanmaması üçün ondan düzgün nəticə çıxarılmalıdır.
Quba regional "ASAN xidmət" mərkəzinin "ASAN Könüllüləri" Təşkilatının region üzrə nümayəndəsi Gülminə Kamalova qeyd edib ki, tədbirin əsas məqsədi Xocalı faciəsinin tarixi həqiqətlərinin gənc nəslə çatdırılması, qan yaddaşımızın qorunması və vətənpərvərlik ruhunun təbliğidir.
Anım mərasimin sonunda Sabir Şahtaxtının kitabları ASAN könüllülərinə hədiyyə edilib.