Tariximizə qanla yazılmış 20 Yanvar faciəsi heç zaman unudulmayacaq
Sumqayıt, 18 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi, Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Şəhidlər - Vətənin qələbə rəmzi!” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhərin “Şəhidlər xiyabanı” memorial kompleksində keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Birliyin üzvü Hafiz İmamnəzərli, Əməkdar İncəsənət Xadimi, rəssam Vaqif Nəzirov çıxış edərək, tariximizə qanla yazılmış 20 Yanvar faciəsinin heç bir zaman unudulmayacağını vurğulayıblar.
Mərkəzi Kitabxananın nəzdində fəaliyyət göstərən Uşaq Poeziya Klubunun üzvlərinin ifasında səslənən şeirlər və kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sonda tədbir iştirakçıları adından faciə ilə bağlı imzalanmış qətnamə oxunub və havaya sülh rəmzi olan göyərçinlər buraxılıb.