DÜNYA
Tatarıstanda terror aktının qarşısı alınıb
![Tatarıstanda terror aktının qarşısı alınıb](/files/2019/2/1200x630/15645691472779862615_1200x630.jpg)
Bakı, 31 iyul, AZƏRTAC
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Tatarıstanın infrastruktur obyektlərindən birində terror aktının qarşısını alıblar.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı məlumatda terror aktının “İslam dövləti” terrorçuları tərəfindən hazırlandığı bildirilib. Əlavə olunub ki, Rusiya vətəndaşı olan iki şübhəli şəxs saxlanılıb və faktla bağlı cinayət işi qaldırılıb. Terrorçular, həmçinin yerli sakinləri öz sıralarına cəlb etməkdə və terror təbliğatı aparmaqda ittiham olunurlar.
Rusiya FTX-nin məlumatında qeyd edilir ki, saxlanılan şəxslərdən partlayıcı maddələr və əldəqayırma partlayıcı qurğuların komponentləri götürülüb. Terrorçuluqda şübhəli bilinən şəxslərin şəxsiyyəti təhlükəsizlik mülahizələrinə görə açıqlanmır.
Bu yaxınlarda Rusiya baş prokurorunun birinci müavini Aleksandr Buksman bildirib ki, bu ilin birinci yarısında ölkənin hüquq-mühafizə orqanları tərəfindən terror aktı törədilməsi üzrə 17 cəhdin qarşısı alınıb.