Tayvan göydələninə qaçışda 4,5 mindən çox insan iştirak edəcək
Bakı, 29 mart, AZƏRTAC
Tayvanın administrativ mərkəzində ən hündür göydələn olan “Taybey-101” kompleksinə hər il təşkil edilən qaçışa 4,5 mindən çox insan qatılacaq.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, mayın 4-də keçiriləcək yarışda iştirak etmək üçün qeydiyyat bu gün başlayıb.
İdmançılar pilləkənlə 391 metr hündürlükdə yerləşən 91-ci mərtəbəyə qaçmalıdırlar. Bunun üçün 2046 pillə qət etmək lazım gəlir. İştirakçılar arasında 100 nəfər hazırlıqlı idmançı, 3,8 min nəfər adi idman həvəskarı və hər biri 20 nəfərlik 30 kooperativ komanda olacaq.
Qadınlar və kişilər arasında qaliblərə 1,4 min dollar pul mükafatı veriləcək. Əgər onlar yeni rekord müəyyən etsələr, bu məbləğ 6,5 min dollaradək artacaq.
“Taybey-101” kompleksinə qaçışda ən yaxşı nəticəni 2005-ci ildə avstraliyalı Pol Kreyk göstərib (10 dəqiqə 29 saniyə). Qadınlar arasında ən güclüsü isə 2017-ci ildə avstriyalı Andre Maur olub (12 dəqiqə 38 saniyə).
Hündürlüyü 509 metr olan “Taybey-101” göydələni 2004-cü ildə inşa edilib. O, tikildiyi dövrdə dünyanın ən hündür binası idi, hazırda isə bu göstəriciyə görə onuncu yerdədir.