Tbilisidə Azərbaycan dilinin öyrənilməsinin vacibliyi barədə danışılıb
Tbilisi, 23 iyun, AZƏRTAC
İyunun 23-də Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki “Alyans” Gənclər Mərkəzində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) və bu ölkədə fəaliyyət göstərən “Maarif” təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan dili və mədəni irsimiz” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə DİDK-in nümayəndəsi Şəfəq Binnətova, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fuad Çıraqov, həmçinin Tbilisi və Rustavi şəhərlərində, Marneuli, Bolnisi, Dmanisi, Qardabani və Laqodexi bələdiyyələrində fəaliyyət göstərən azərbaycandilli məktəblərin direktorları və müəllimləri iştirak ediblər.
“Maarif” təşkilatının direktoru Aygül İsayeva Azərbaycan dilinin öyrənilməsinin zəruri olduğunu vurğulayıb, bu istiqamətdə həyata keçirilən işlərdən danışıb.
Daha sonra Şəfəq Binnətova çıxış edərək Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza və diaspor nümayəndələrinə göstərdiyi diqqət və qayğı barədə məlumat verib. O, bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlılarla bağlı məsələləri daim diqqətdə saxlayır.
Fuad Çıraqov Azərbaycan dövlətinin soydaşlara göstərdiyi dəstəyi vurğulayıb, Azərbaycan dilinin öyrənilməsinin vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər də mövzu ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda qeyd olunub ki, hər bir xalqın ana dili onun keçmişini, mədəniyyətini, zəngin söz xəzinəsini, özünəməxsusluğunu, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan əvəzsiz milli sərvətdir.
Sonda milli-mənəvi dəyərlərin gənc nəsil arasında fəal təbliğinə görə bir qrup müəllim “Təşəkkürnamə” ilə təltif olunub.