TBİLİSİDƏ AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN 90-CI İLDÖNÜMÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 24-də Tbilisidə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 90-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir ölkəmizin Gürcüstandakı səfirliyi, Azərbaycanın buradakı iş adamları, ictimaiyyət nümayəndələri tərəfindən ümummilli liderimiz Heydər Əliyevin Tbilisidəki büstü önünə əklillər qoyması ilə başlanmışdır. Səfirliyin hərbi attaşesi, general-mayor Elbrus Orucov iştirakçıları Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixi ilə tanış etmiş, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə nizami ordu quruculuğuna başlandığını vurğulamışdır. O demişdir ki, “ulu öndər ordumuzun inkişaf tarixini 3 mərhələyə bölmüşdür. 1-ci mərhələ 1918-20-ci illəri, 2-ci mərhələ sovet hakimiyyəti illərini, 3-cü mərhələ isə Azərbaycan öz müstəqilliyini bərpa etdiyi günlərdə “milli özünümüdafiə qüvvələri” yaratmaq haqqında qərar qəbul olunduğu vaxtı əhatə edir. “Azərbaycan Silahlı Qüvvələri haqqında” qanunla ölkəmiz ordu quruculuğunun hüquqi bazasını yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz tam formalaşmış, təhsil sistemi təkmilləşmiş, tədris-maddi baza zənginləşmişdir. Orduda peşəkarlıq artır, maddi-texniki baza güclənir. Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olduğunu deyən E.Orucov xalqın bununla barışmayacağını, ərazilərimizin erməni qəsbkarlardan xilas olunacağını bildirmişdir. Vurğulamışdır ki, Azərbaycan heç kimin torpağına göz dikməyib, heç kəsin ərazi bütövlüyünü pozmur. Biz haqqımızı tələb edirik və məqsədimiz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həll olunmasıdır. Onu da qeyd edim ki, Silahlı Qüvvələrimiz ölkənin ərazi bütövlüyünü bərpa və müdafiə etməyə qadirdir. Azərbaycan artıq 14 ildir ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşularaq bir sıra layihələr həyata keçirir. Azərbaycan əsgərləri terrorizmlə mübarizə proqramlarına sanballı töhfəsini verir.
Mərasimdə iştirak edən Gürcüstan müdafiə nazirinin birinci müavini Batu Kutelia Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığından danışmış, hər iki ölkənin üzləşdiyi problemlərə toxunmuş və arzu etmişdir ki, Azərbaycan yaxın gələcəkdə Silahlı Qüvvələrinin gücü ilə ərazi bütövlüyünü bərpa etsin.
Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Namiq Əliyev, digər ölkələrin Gürcüstandakı səfirliklərinin hərbi attaşeləri iştirak etmişlər.