Tbilisidə azərbaycanlı tələbələrə xaricdə təhsilin perspektivləri barədə məlumat verilib
Tbilisi, 13 yanvar, AZƏRTAC
Yanvarın 13-də İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Heydər Əliyev Auditoriyasında Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti Dostluq Cəmiyyətinin sədri, Şimali Kiprdə fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzinin və Beynəlxalq Final Universitetinin Multikultural Departamentinin direktoru Orxan Həsənoğlu ilə azərbaycanlı tələbələrin görüşü keçirilib.
Azərbaycan Mərkəzinin rəhbəri Leyla Əmrəhova AZƏRTAC-a bildirib ki, görüşün əsas məqsədi tələbələri Şimali Kiprdəki universitetlərdə təhsil imkanları barədə məlumatlandırmaqdır.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov Azərbaycan-Gürcüstan, Azərbaycan -Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti münasibətləri barədə ətraflı məlumat verib. Azərbaycan dövlətinin xarici ölkələrdəki soydaşlarımıza daim dəstək verdiyini qeyd edib.
Daha sonra O.Həsənoğlu gənclərlə söhbət edib. O bildirib ki, Azərbaycan–Şimali Kipr Türk Cümhuriyyəti Dostluq Cəmiyyətinin əsas məqsədi Şimali Kiprdə yaşayan azərbaycanlıların ölkəmizlə bağlılığını gücləndirmək, milli-mənəvi dəyərləri təbliğ etmək və respublikamızın beynəlxalq aləmdə tanıdılmasına töhfə verməkdir: "Cəmiyyət Azərbaycan mədəniyyətinin, tarixinin və dövlətçilik ənənələrinin Kiprdə tanıdılması məqsədilə çoxsaylı mədəni tədbirlər, konfranslar, sərgilər, anım günləri və görüşlər təşkil edir. Eyni zamanda, Şimali Kiprdə fəaliyyət göstərən universitetlərlə, tələbə birlikləri və ictimai qurumlarla sıx əməkdaşlıq edir. Cəmiyyət 2025-ci ildə Azərbaycan Milli Məclisində yaradılan Azərbaycan–Kıbrıs Dostluq Qrupu ilə də fəal əməkdaşlıq edir. Bu çərçivədə təşkilat koordinasiya, təşkilati və texniki məsələlərdə dəstək göstərir, iki tərəf arasında əlaqələrin daha da inkişafına töhfə verir”.
O deyib ki, hazırda cəmiyyət Şimali Kiprdə fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərir. Bu mərkəz Azərbaycanın dövlətçilik ideyalarının, Heydər Əliyev irsinin, milli mədəniyyətimizin və müasir Azərbaycan reallıqlarının Şimali Kipr ictimaiyyətinə çatdırılması istiqamətində sistemli iş aparır. Həsənoğlu vurğulayıb ki, bu gün "Universitetlər adası" kimi tanınan Şimali Kipr Türk Cümhuriyyətində 2 mindən çox azərbaycanlı yaşayır. Onların da təxminən min nəfəri tələbələrdir.
Onun sözlərinə görə, hazırda Şimali Kiprdə Gürcüstandan olan azərbaycanlılar da təhsil alır, işləyir, müxtəlif fəaliyyət növləri ilə məşğul olurlar.
Görüş sual-cavab formatında davam edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi