Tbilisidə keçirilən bioloji təhlükəsizlik tədbirində Azərbaycan da təmsil olunmuşdur
Tbilisi, 19 noyabr (AZƏRTAC). Tbilisi şəhərində Mərkəzi Asiya və Qafqazda bioloji təhlükəsizlik mövzusunda seminar keçirilir. Noyabrın 21-dək davam edəcək tədbirdə Mərkəzi Asiya və Qafqazda Bioloji Təhlükəsizlik Assosiasiyasının üzvləri və tərəfdarlarının idarəetmənin təkmilləşdirilməsi, yeni layihələrin hazırlanması və s. məsələlər barədə fikir mübadiləsi apardıqları bildirilir.
Tədbirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Faiq Ramazanov iştirak etmişdir. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində iştirakçı ölkələrin ətraf mühitində baş verən proseslərin qısa təhlili, gələcək fəaliyyət imkanlarının müəyyənləşdirilməsi baxımından seminarın əhəmiyyətinə diqqəti çəkmişdir.
F.Ramazanov demişdir ki, belə tədbirlərdə Azərbaycan tərəfi həmişə aktual məsələləri gündəmə gətirmiş, ölkədə ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması sahəsində həyata keçirilən təsirli tədbirlər, ona dövlət qayğısı barədə iştirakçıları məlumatlandırmışdır. O qeyd etmişdir ki, bununla yanaşı, biz Ermənistan və Gürcüstan ərazilərindən keçərək ölkəmizə axan çayların çirkləndirilməsi məsələlərinə də daim diqqəti çəkir və assosiasiyadan bu yönümdə vacib işlərin görülməsini tələb edirik. İndi də Ermənistandan gələn çaylara insan sağlamlığı üçün təhlükəli maddələrin axıdıldığına diqqəti çəkdik, Gürcüstanda isə Kür çayının normadan artıq çirkləndirildiyini vurğuladıq və bütün bunlarla əlaqədar tədbirlər görüləcəyinə əmin olduğumuzu, sözdən işə keçilməsinin vacibliyinə əmin olduğumuzu bildirdik.
Assosiasiyanın vitse-prezidenti, Gürcüstan Aqrar Universitetinin professoru Lela Bekanidze qeyd etmişdir ki, tədbirin keçirilməsindən məqsəd iştirakçı ölkələrin bioloji problemləri və onun həlli yollarının müəyyənləşdirilməsidir. O, Kür çayının çirkləndirilməsi ilə əlaqədar söylənilmiş fikirlərlə əlaqədar demişdir ki, Azərbaycan tərəfindən bu məsələ daim qaldırılmışdır və problemin nizamlanması yönümündə iş aparılır, onun həllini tapacağına əminəm. Alim Gürcüstanda Kür çayının sahilində yerləşən şəhərlərdə çaya çirkli suların axıdılmasının qarşısının alınması üçün tədbirlər görüldüyünü vurğulamışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi