TEAS Press Nəşriyyat evi “Azərbaycan klassikləri” seriyasından kitablar çap edəcək
Bakı, 2 mart, AZƏRTAC
TEAS Press Nəşriyyat evinin “3 alma” əmtəə nişanı ilə nəşr olunan kitablar siyahısına yeni və çox dəyərli olan “Azərbaycan klassikləri” seriyası əlavə edilib.
AZƏRTAC xəbər verir ki, bu seriyadan olan kitablara Azərbaycanın ən görkəmli yazar və şairlərindən Nizami Gəncəvi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Rəşid bəy Əfəndizadə, Abdulla Şaiq, Abbas Səhhət, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Səməd Vurğun, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Əzizə Cəfərzadə, Xanımana Əlibəyli, Hikmət Ziya, Teymur Elçin, Tofiq Mahmud və Məmmədhüseyn Təhmasibin uşaqlar üçün yazdıqları hekayələr, şeirlər, xatirələr daxildir.
“Azərbaycan klassikləri” seriyasına ədiblərimizin orta məktəb dərsliklərində adı çəkilən və ya ixtisarla tədris olunan əksər əsərləri daxildir.
Seriyanın kitabları yeni tərtibatda hazırlanıb. Peşəkar rəssamlar tərəfindən çəkilmiş illüstrasiyalar bu kitablara fərqli rəng qatır. Hələlik 20-dək müəllifin əsərlərini əhatə edən bu seriya yaxın zamanda işıq üzü görəcək.
TEAS Press Nəşriyyat evi “3 alma” əmtəə nişanı ilə azyaşlı uşaqlar, yeniyetmə və gənclər, eləcə də müəllim və valideynlər üçün bədii və elmi-kütləvi kitablar nəşr edir. Nəşriyyatın məqsədi mütaliəni əyləncəli prosesə keçirmək, uşaqları maariflənməyə və kitab oxumağa həvəsləndirmək, hələ kiçik yaşlardan oxucu auditoriyası qazanmaqdır.