MƏDƏNİYYƏT
Teatr Muzeyində Zəfər Günü qeyd olunub
Bakı, 7 noyabr, AZƏRTAC
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Qanımızla qazanmışıq zəfəri” adlı tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Dövlət Himni səsləndikdən sonra ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canlarını qurban verərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin Elmi-kütləvi işlər şöbəsinin müdiri Ümidə Hacıyevanın Qarabağ hadisələri və 44 günlük Vətən müharibəsindən bəhs edən mühazirəsi dinlənilib.
Sonra Vətən müharibəsinin gedişatı və böyük hədəflərə söykənən Böyük Qayıdışımızla bağlı muzey əməkdaşları tərəfindən hazırlanan videoçarxlar nümayiş olunub.
Tədbirdə İkinci Qarabağ müharibəsinin iştirakçısı Soltan Cəfərov Azərbaycanın suverenliyinin qorunması və torpaqlarımızın azadlığı uğrunda apardıqları döyüş əməliyyatlarından, xalqımızın bu çətin, amma şərəfli yolda dəmir yumruq kimi birgə mübarizəsindən danışıb.
Konsert proqramı ilə davam edən tədbirdə Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblı vətənpərvərlik mövzusunda musiqi nümunələri təqdim edib.
Tədbirdə Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllim və tələbə heyəti, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.