Tədris Terapevtik Klinikasının Ürək-Damar Mərkəzində pulsuz müayinə həftəsi keçirilir
Bakı, 15 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Ürək-Damar Mərkəzində pulsuz müayinə həftəsi keçirilir.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, bu il mayın 10-dan başlanan və mayın 16-dək davam edəcək pulsuz müayinə həftəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilib. Bu günlər ümumilikdə 300-dən çox xəstə müayinədən keçib. Müayinələr 4 yüksək ixtisaslı həkim-kardioloq, 3 rezident-kardioloq və peşəkar tibb bacıları tərəfindən aparılıb.
Tədris Terapevtik Klinikasının Ürək-Damar Mərkəzi artıq 2 ilə yaxındır yaradılıb.
Həkimlər pulsuz müayinə kampaniyası çərçivəsində fasiləsiz çalışırlar.
Beyləqan rayon sakini Həsən Məmmədov: "Pulsuz müayinələrdən keçmişəm. Həkimlərə və bizim üçün belə bir imkan yaradan hər kəsə minnətdaram".