Təhsil İdarəsində gənclərlə görüş
Bakı, 2 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini söyləyib. Vətən müharibəsində qazanılan Qələbədə gənclərin rolunu xüsusi vurğulayan nazir müşaviri gənclərə milli-mənəvi dəyərlərimizi qorumağı tövsiyə edib. R.Ağayev cəmiyyətimizdə təhsil işçilərinin üzərinə düşən vəzifələrdən, müəllim məsuliyyətindən bəhs edib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva bildirib ki, 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə təsis olunan Azərbaycan Gəncləri Günü gəncliyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. İdarə müdiri Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını və bu istiqamətdə çoxsaylı sərəncamlar imzalandığını, layihələr həyata keçirildiyini vurğulayıb. O, son illər müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildiyini qeyd edib. Həmçinin Vətən müharibəsində qəhrəmanlıq tariximizin yeni salnaməsini yazanlar arasında gənc müəllimlərin, həmçinin onların yetirmələrinin olmasının qürurverici olduğunu söyləyib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə gənclərin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin rolundan bəhs edib, gənclərə fərdi inkişafla bağlı tövsiyələr veriblər.
Görüşdə iştirak edən gənclər göstərilən diqqətə görə öz təşəkkürlərini bildirib və uğur hekayələrini danışıblar.
Sonda bir qrup gəncə səmərəli fəaliyyətlərinə görə təşəkkürnamələr təqdim olunub.