DÜNYA
Təhsil, maddi təminat və iş yaşlaşmış beyinlərin sağlamlığını necə qoruyur? - TƏDQİQAT
Bakı, 7 noyabr, AZƏRTAC
Alimlər təhsil, sərvət və iş həyatının yaşlı insanların koqnitiv sağlamlığına təsirini araşdıraraq, sosial-iqtisadi vəziyyətin yaşlanma dövründə idrak sağlamlığını necə gücləndirdiyini aşkara çıxaracaq araşdırma aparıblar.
AZƏRTAC xəbər verir ki, araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.
Araşdırma göstərir ki, yüksək sosial-iqtisadi mövqeyi olan yaşlı şəxslər daha uzun müddət sağlam beyinlə yaşamaq və idrak pozğunluqlarından daha sürətlə qurtulmaq şansına sahibdirlər. Həmçinin qeyd olunur ki, sosial-iqtisadi göstəriciləri (gəlir, təhsil və peşə) yaşlıların koqnitiv pozğunluğa məruz qalma riskini, demensiya və yüngül koqnitiv pozğunluqdan sağlam vəziyyətə qayıtma imkanına əhəmiyyətli təsir edir. Aşağı sosial-iqtisadi mənsubiyyətə malik olanlar daha yüksək sosial-iqtisadi təbəqəyə aid insanlara nisbətən qocalıq illərinin çox hissəsini idrak pozğunluğu ilə keçirirlər.
Tədqiqatçılar Britaniyada davam edən uzunmüddətli tədqiqat məlumatlarından istifadə edərək müxtəlif koqnitiv vəziyyətlər (idrak pozğunluğu yoxdur (NOCI), demensiya olan və olmayan idrak pozğunluğu (CIND)) arasında keçid ehtimallarını analiz ediblər. Qruplara görə, keçid ehtimalları və müddətləri, təhsil səviyyəsi, sərvət və peşə üzrə müqayisə olunub. Nəticələrə görə, idarəedici və peşəkar mövqelərdə olan şəxslər arasında koqnitiv pozğunluqlara keçid riski daha aşağı, koqnitiv sağlamlığa qayıtma şansı isə daha yüksəkdir. Ali təhsilli şəxslərdə, demensiya vəziyyətinə keçid ehtimalları daha az, sağlam vəziyyətə qayıtma ehtimalı daha çox olub. Əksinə, ən aşağı sosial-iqtisadi göstəricilərə malik olanlar koqnitiv pozğunluqların daha yüksək riskinə malikdirlər və sağlam vəziyyətə qayıtma ehtimalları azdır.
Araşdırmada, koqnitiv vəziyyətlərin dəyişmə ehtimalları və hər bir vəziyyətdə keçirilən vaxt təhlil edilib. Təxminlər göstərir ki, yaxşı təhsil almış, peşəkar və varlı şəxslər demensiya və ya idrak pozğunluğu vəziyyətindən 80 yaşında belə çox tez çıxırlar.
Müəlliflər bildirirlər ki, bu nəticələr sosial-iqtisadi bərabərsizliklərin koqnitiv sağlamlığa təsirini göstərir və sosial-iqtisadi cəhətdən imtiyazlı şəxslərin koqnitiv tənəzzülünün gecikdiyini sübut edir.