Təhsil Tələbə Krediti Fondunun əməkdaşları GDU tələbələri ilə görüşüblər
Gəncə, 17 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Təhsil Tələbə Krediti Fondunun əməkdaşları – baş mütəxəssis Mirşahin Abdullayev və aparıcı mühasib Kənan Əliyev Gəncə Dövlət Universitetinin (GDU) tələbələri ilə görüşüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Təhsil Tələbə Krediti Fondunun həyata keçirdiyi layihələrin gənclər üçün əhəmiyyətindən bəhs edib.
Fondun baş mütəxəssisi Mirşahin Abdullayev və aparıcı mühasibi Kənan Əliyev çıxış ediblər. Diqqətə çatdırılıb ki, Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin əsas məqsədi təhsilin əlçatanlığını təmin etməkdir. Bu imkan tələbələrin motivasiyasını artıracaq və təhsilin keyfiyyətinə də təsir göstərəcək. Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı dövrdən Gəncə Dövlət Universitetinin tələbələri kreditdən yararlanma səviyyəsinə görə qabaqcıl sıralardadırlar.