Təhsil və İnkişaf Mərkəzində valideynlər üçün psixoloji seminar təşkil edilib
Bakı, 1 mart, AZƏRTAC
“Academy Group” Təhsil və İnkişaf Mərkəzində “Valideynlərin uşaqlarına dəstəyi” mövzusunda psixoloji seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə təhsil mərkəzinin fəaliyyəti və uğurları barədə iştirakçılara məlumat verilib, bu silsilədən tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışılıb. Bildirilib ki, bu seminar uzun müddət gərgin hazırlıq mərhələsi keçən abituriyentlər və övladlarının həyəcanını bölüşən valideynlər üçün çox vacibdir.
Seminarda iştirak edən valideynlərə imtahan zamanı uşaqlardakı psixoloji gərginlik, stress, həyəcan, ümidsizlik kimi amillərdən qorunma yolları açıqlanıb. Onlara övladları ilə düzgün davranış, münasibət qaydaları təlqin edilib, abituriyentlərə psixoloji təsir edə biləcək nüanslar barəsində məlumat verilib. Qeyd olunub ki, valideynlər ali məktəblərə hazırlaşan övladlarına həssas yanaşmalı, onların stress yaşamasına imkan verməməlidirlər.