ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyi bərbər ixtisası üzrə qiymətləndirmə aparıb
Bakı, 30 iyun, AZƏRTAC
Bərbər ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib. Bildirilib ki, bərbər ixtisası üzrə müraciət edən ərizəçilər müvafiq ixtisasın müxtəlif modulları üzrə praktiki imtahanda iştirak ediblər. “SHER AKADEMİYA”nın təlim-istehsalat bazasında həyata keçirilən praktiki imtahanda yüksək nəticə göstərən ərizəçilər dövlət nümunəli sənədlə təltif olunacaqlar.
Qeyd edək ki, TKTA-nın nümayəndəsinin rəhbərlik etdiyi Qiymətləndirmə Komissiyasına “D.İ. Studio”nun təsisçisi, sahə üzrə mütəxəssis Dmitriy İskakov və “Aura Studio”nun təsisçisi, sahə üzrə mütəxəssis Rövşən İsmayılov cəlb edilib.