Tələbələrə məişət tullantılarının toplanması və daşınması prosesi öyrədilir
Bakı, 20 aprel, AZƏRTAC
“Təmiz Şəhər” ASC-nin nümayəndəsi Azərbaycan Memarlıq və İnşaat Universitetində mühazirə deyib.
“Təmiz Şəhər”dən AZƏRTAC-a verilən məlumata görə, səhmdar cəmiyyətin universitetdə yaratdığı Təmiz Şəhər Mərkəzində çıxış edən Sabit Zeyniyev tələbələrə Qala qəsəbəsinin timsalında “Bərk məişət tullantılarının toplanması və daşınmasının təşkili” mövzusunda ətraflı məlumat verib.
Bildirilib ki, bu qəsəbədə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən “Təmiz Qala” adlı pilot layihə icra edilir. Layihə əsasında qəsəbədə məişət tullantıları sakinlərin də iştirakı ilə çeşidlənmiş formada qida və qeyri-qida tullantılarına bölünərək toplanır. Cəmiyyətin tullantı daşıyan avtomobilləri isə fərqli tullantı qutularını növlərinə görə ayrı-ayrılıqda yığaraq daşıyır. Bu isə həmin tullantı materiallarının təkrar emala yönələn hissəsinin artmasına səbəb olur. Eyni zamanda, mütəmadi olaraq qəsəbədə tullantılarla rəftarla bağlı maarifləndirmə işləri də həyata keçirir.
“Təmiz Şəhər”in Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil etdiyi seminarlar isə artıq ənənəvi hal alıb. Seminarlar universitetlə səhmdar cəmiyyət arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən təşkil olunur. Razılaşmaya əsasən, universitetdə birgə elmi-texniki baza yaradılıb, burada bilik və təcrübə mübadiləsi aparılır. “Təmiz Şəhər” bakalavrlar üçün istehsalat təcrübələrinin, uyğun ixtisaslaşmalar üzrə magistrlərın elmi-tədqiqat işlərinin təşkilinə şərait yaradır. Tələbələr yüksək hazırlığa malik olmaları üçün cəmiyyətin zavodlarında istehsalat təcrübələrində iştirak edirlər.