Tələbələrin tərcümə etdikləri Koreya filmləri “Park Bulvar”da nümayiş olunub
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Koreya Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində Koreya kino günü keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbir Koreya Fondunun və bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Tədbirdə ADU-nun beynəlxalq əlaqələr departamentinin müdiri Nigar Sultanova universitetdə fəaliyyət göstərən Koreya Mədəniyyət Mərkəzi barədə məlumat verib.
Koreyanın Azərbaycandakı konsulu Ceon Cun Seok tədbirin ölkələrarası əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Sonra 2013-cü ilin istehsalı olan “Coqqu kralı” və 2014-cü ildə lentə alınan “Mənim sevgim, mənim qadınım” Koreya filmləri nümayiş olunub. Azərbaycan dilində altyazı ilə nümayiş olunan filmlər ADU-nun tərcümə və mədəniyyətşünaslıq fakültəsinin Koreya dili ixtisası üzrə təhsil alan tələbələri tərəfindən tərcümə edilib.