Təlimlərdə iştirak edən mediatorlara sertifikatlar təqdim edilib
Bakı, 28 dekabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə mediatorlar üçün təşkil edilən istehlakçıların hüquqlarının müdafiəsinə dair maarifləndirmə kurslarının ilk mərhələsi başa çatıb və Dövlət Xidmətində mediatorlara sertifikatlar təqdim edilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun rəisi Məmməd Abbasbəyli Xidmətlə Mediasiya Şurası arasında möhkəm və dayanıqlı əməkdaşlığın qurulması istehlakçı hüquqularının qorunması sahəsində operativliyin artırılmasına və nəticə etibarilə vətəndaş məmnuniyyətinin təmin edilməsinə səbəb olacağını deyib. Xidmət rəisi, həmçinin qurumun fəaliyyət sahələri haqqında məlumat verərək, iqtisadi ədalətin qorunması istiqamətində Ədliyyə Akademiyası ilə əməkdaşlığın inkişaf prespektivləri haqqında danışıb.
Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov təlimlərin yüksək səviyyədə keçirildiyinə görə Dövlət Xidmətinə təşəkkür edib. Qeyd edib ki, bu cür təlimlərin təşkil olunması mediatorların bilik və təcrübəsini artıraraq fəaliyyətlərinin daha effektiv qurulmasına və nəticə etibarilə məhkəmələrin iş yükünün azalmasına səbəb olacaq.
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Dövlət Xidməti ilə əməkdaşlığın davamlı olmasının vacibliyini vurğulayıb. Bildirib ki, keçirilən ilk təlimin effektivliyi, informasiya yükü istehlakçı hüquqlarının qorunmasında önəmli olacaq.
Qeyd edək ki, mediatorların bilik və bacarıqlarının artırılmasına yönələn və bir həftə ərzində davam edən təlimlərdə istehlakçıların hüquqlarının müdafiəsi, təbii inhisarlar, istehlak bazarına nəzarət, keyfiyyət infrastrukturunun əsas prinsipləri barədə Dövlət Xidmətinin əməkdaşları tərəfindən təlim iştirakçılarına ətraflı məlumat verilib.