“Təmiz Qala” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri keçiriləcəkdir
Bakı, 25 aprel (AZƏRTAC). Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2010-cu ildən etibarən Bakının Qala qəsəbəsində tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun qurulması üzrə “Təmiz Qala” adlı pilot layihə həyata keçirir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihənin məqsədi Qala qəsəbəsində tullantıların çeşidlənərək toplanması, daşınması və utilizasiyasını müasir şəkildə təşkil etməkdir. Layihə çərçivəsində Qala ərazisində tullantıların toplanması üçün 148 tullantı meydançası quraşdırılmış və 802 ədəd konteyner yerləşdirilmiş, müntəzəm yığım və daşınma işi təşkil olunmuş, daşınma üzrə optimal marşrutlar müəyyən edilmişdir. Eyni zamanda, layihə çərçivəsində “Tullantıdan sənətə” birinci beynəlxalq sərgi, “Azalt. Yenidən istifadə et. Çeşidlə.” (“Reduce. Reuse. Recycle.”) şüarı altında uşaqlar üçün beynəlxalq konfrans, məktəblərdə seminarlar, görüşlər, iməciliklər və digər maarifləndirmə tədbirləri keçirilmişdir.
Bu il də “Tullantıdan sənətə” ikinci beynəlxalq sərgi, tullantıların idarə edilməsi sahəsində uşaqlar üçün ikinci beynəlxalq konfrans, velo-piknik aksiyası, iməcilik, ekoloji foto-müsabiqə və s. tədbirlər təşkil olunacaqdır.
İlk maariflədirmə tədbiri isə “Kod Da Vinçi” turniridir. Tələbələrin diqqətini ekoloji məsələlərə yönəltmək məqsədi ilə keçiriləcək turnir bərk məişət tullantılarının idarə olunması və azaldılması, təkrar istifadə kimi mövzuları əhatə edəcəkdir.
İntellektual oyun formasında keçirilən turnir 3 mərhələdən ibarət olacaqdır. Facebook sosial şəbəkəsində (https://www.facebook.com/tamizshahar) oyunçular müxtəlif intellektual suallara cavab verməklə və müzakirələrdə iştirak etməklə yarışacaqlar. Növbəti mərhələyə keçən iştirakçılar Qala qəsəbəsi və İçərişəhər ərazisində keçiriləcək turnirlərdə ekologiya, ətraf mühitin mühafizəsi, tullantıların idarəolunması sahəsində sualları cavablandıracaqlar.