TEPCO ŞİRKƏTİ QARŞILIQLI FAYDALI ƏMƏKDAŞLIĞA ƏMİNDİR
“Azərenerji” SC-nın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, TEPCO-nun nümayəndəsi Nuboru Seki Bakıda keçirilmiş seminardakı çıxışında demişdir ki, yaponiyalı ekspertlər carı ilin bütün aprel ayı ərzində həmin sahəyə aid sənədləri və illik göstəriciləri ətraflı öyrənmişlər. Onlar həm də obyektlərdə olmuş, “Barmek” və “Bayva” enerjibölüşdürmə şirkətlərində görüşlər keçirmişlər.
Nuboru Sekinin sözlərinə görə, nümayəndə heyətinin vəzifəsi elektrik enerjisi istehsalından tutmuş onun nəqlinədək Azərbaycanın energetika sisteminin real vəziyyətini əks etdirməkdən, habelə bu sahədə islahatların sürətini və təcili islahatlara ehtiyacı olan sektorları müəyyənləşdirməkdən ibarətdir. Bu, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankına gələcək işbirliyinin istiqamətini müəyyənləşdirməyə imkan verəcəkdir.
Seminarda geniş fikir mübadiləsi aparılmış, ilkin hesabatın ayrı-ayrı bəndlərinə dair qeydlər söylənilmişdir. Bu bəndlərə düzəlişlər avqustda aralıq hesabata daxil ediləcəkdir.