Tərtər şəhərinin daha altı küçəsinə şəhidlərin adları verilib
Tərtər, 30 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər şəhərindəki altı küçəyə 2023-cü ilin 19-20 sentyabr antiterror tədbirləri zamanı şəhid olan Emin Abbaszadənin, Kənan Ağayevin, Elnur İbrahimovun, Cavid Səfərovun, Ruslan Lalayevin və Rəşad Vəlizadənin adları verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhid ailələrinin üzvləri şəhidlərin adları verilən küçələrdə olub, ad göstəricisi olan lövhələri bərkidiblər.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin hamısı bizim üçün əzizdir, onların xatirəsi əbədiləşdirilir, adlarına küçələr, məktəblər, sinif otaqları verilir, bulaqlar tikilir. Tərtər şəhərində 38 küçəyə şəhid adı verilib və 16 küçənin girişində onların baralyefi quraşdırılıb.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində antiterror tədbirləri şəhidlərinin adının əbədiləşdirilməsi məqsədilə Tərtər şəhərində küçələrə adlarının verilməsi ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiramın ifadəsidir.
Şəhidlərin yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.