Tərtərdə “Vətənpərvərlik: qazilik və şəhidlik” layihəsinə yekun vurulub
Tərtər, 9 noyabr, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzi tərəfindən icra olunan “Vətənpərvərlik: qazilik və şəhidlik” layihəsinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəsi Ceyhun İsmayılzadə, Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova və başqaları çıxış edərək, layihə çərçivəsində görülən işlərdən danışıblar. Bildirilib ki, Tərtər rayon Heydər Əliyev Mərkəzi tərəfindən iyunun 11-dən start verilən “Vətənpərvərlik: qazilik və şəhidlik” layihəsində məqsəd Vətən müharibəsində şücaət göstərmiş qazilərimizi ictimaiyyətə tanıtmaqdır.
Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşları layihə ilə bağlı təəssürat və xatirələrini iştirakçılarla bölüşüblər. Qazilərin vətənpərvər ruhlu çıxışları hər kəsi qürurlandırıb.
Tədbirdə qazilərimizlə 5 ay ərzində Mərkəzdə keçirilən görüşlərdən hazırlanmış videoçarx nümayiş etdirilib. Yekunda xatirə şəkili çəkdirilib.