“Təsərrüfat cəmiyyətlərində korporativ idarəetmənin qiymətləndirilməsi üzrə Metodologiya”nın təqdimatı olmuşdur
Bakı, 8 oktyabr (AZƏRTAC). Oktyabrın 8-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyi (İİN) və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) təşkilatçılığı ilə “Təsərrüfat cəmiyyətlərində korporativ idarəetmənin qiymətləndirilməsi üzrə Metodologiya”nın təqdimatı olmuşdur.
Nazirliyin korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə demişdir ki, Metodologiya Azərbaycan şirkətləri tərəfindən Korporativ Standartların tətbiqinin genişləndirilməsi, korporativ idarəetmə səviyyəsinin qiymətləndirilməsi məqsədilə hazırlanmışdır. Metodologiya şirkətlərdə Korporativ İdarəetmə Standartlarının tətbiqi səviyyəsinin müəyyənləşdirilməsinə imkan yaradacaqdır.
BMK-nın Avropa və Orta Asiya üzrə Korporativ İdarəetmə Proqramı üzrə meneceri Oliver Orton, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz üzrə regional direktor müavini Matias Feldman, Almaniyanın Korporativ İdarəetmə Komissiyasının və Qlobal Korporativ İdarəetmə Forumunun özəl sektor üzrə məsləhət xidməti qrupunun üzv Kristian Strenger yerli şirkətlərdə Metodologiyanın əhəmiyyətindən danışmışlar.