Texniki Universitetdə “Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı” adlı tədbir keçirilib
Bakı, 18 dekabr, AZƏRTAC
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən qabaq universitetin inzibati binasında müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qeyd edib ki, dövlət idarəçiliyində liderin fəaliyyəti uğurlu inkişafın əsası olmaqla bərabər, həm də sabitliyin möhkəmləndirilməsi, davamlı yüksəlişin təmin edilməsi və vətəndaş cəmiyyətinin bərqərar olması baxımından çox mühüm amildir: “Prezident İlham Əliyevin "Bizim sözümüz imzamız qədər dəyərlidir" fikri dövlət başçısı kimi verdiyi vədlərin əməli fəaliyyətdə öz əksini tapdığını göstərir. Dövlətimizin başçısının xalqa verdiyi vədləri yerinə yetirməsinin ən parlaq nümunəsi torpaqlarımızın işğaldan azad olunması və üçrəngli bayrağımızın bütün ərazilərimizdə ucaldılmasıdır. Hər bir azərbaycanlının Prezidenti olacağını vəd edən və ötən müddət ərzində sözünün sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə sübuta yetirən Prezident İlham Əliyev xalqın yüksək rəğbət və məhəbbətini qazanıb. Dövlət başçısının Azərbaycanın milli maraqlarını daim uca tutması xalqımızı onun ətrafında sıx birləşdirib”.
Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, çağdaş Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları ilə bağlıdır: “Ulu Öndər Heydər Əliyev milli maraqlara əsaslanan uzaqgörən siyasəti ilə Azərbaycanın müstəqilliyinin daimiliyi, dönməzliyi və əbədiliyini təmin etməklə xalqımıza çoxsaylı uğurlar qazandırıb. Bu gün iftixarla qeyd edirik ki, hər birimizin sonsuz qürur mənbəyi olan müasir Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin millətimizə ən böyük mənəvi-siyasi mirasıdır”.
Sonra çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qazanılan uğurlardan bəhs ediblər.
Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş universitet əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Sonda bədii hissə təqdim olunub və xatirə şəkli çəkdirilib.