TEYMURUN QƏLƏBƏSİ KASPAROVUN ƏSƏBLƏRİNİ POZMUŞDUR
İspaniyanın Linares şəhərində şahmat üzrə keçirilən və idman aləmində “kiçik dünya çempionatı” adlandırılan turnir başa çatmışdır. İlin ən güclü turniri dünyanın ən gənc beynəlxalq qrossmeysteri kimi fəxri ad daşıyan Azərbaycan şahmatçısı Teymur Rəcəbov üçün əlamətdar olmuşdur. Əvvəla, o, dünyanın ən güclü şahmatçıları ilə yarışda çox lazımlı təcrübə toplamış, ikincisi və ən başlıcası isə, onun parlaq gələcəyi barədə deyilənlərin əbəs olmadığını bir daha sübut etmişdir. Harri Kasparov kimi məşhur şahmatçı ilə iki görüşdə 1,5 xal qazanmaq bunun şəksiz təsdiqidir.
Xarici ölkələrin, o cümlədən Rusiyanın kütləvi informasiya vasitələri, necə deyərlər, “dünənki uşağa” uduzmağı ilə heç cür barışa bilməyən /görünür, belə kin-küdurət ona südlə keçmişdir/ Kasparovun əsl idmançıya yaraşmayan hərəkətləri barədə xəbərlər yaymışlar. AZƏRTAC-ın müxbiri respublika Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim, Linaresdə keçirilmiş turnirin baş hakiminin müavini Faiq Həsənovdan bu xəbərlərin şərh olunmasını xahiş etmişdir. O demişdir:
- Son 25 il ərzində keçirilən Linares turnirinin ən gənc iştirakçısı olan Teymur Rəcəbov ikinci dövrədə qara fiqurlarla oynayaraq Kasparova qalib gəldikdə, bu adlı-sanlı, dünyada ən yüksək reytinqə malik şahmatçı hamının qəbul etdiyi etika normalarını pozaraq, həmyerlimizə əl verib onu təbrik etməmişdir. Bu xoşagəlməz hal turnirin gedişini işıqlandıran 60-dan çox jurnalistin, təbii ki, diqqətindən yayınmamış və onlar Kasparovun idmançıya yaraşmayan hərəkətini pisləmişlər.
Bu şahmatçıların ikinci görüşü də maraqlı keçmişdir. Nəyin bahasına olursa olsun, qalib gəlməyə çalışan Kasparov həmyerlimizin ciddi müqavimətinə rast gəlmişdir. Hətta oyunun sonunda Teymur üstünlüyə malik idi və qələbə uğrunda mübarizə aparırdı. Amma Kasparov çox çətinliklə heç-heçəyə nail ola bilmişdir.
Onu da deyim ki, jurnalistlər Teymurun Kasparovla keçirdiyi birinci görüşü turnirin ən gözəl oyunu adlandırmışlar. Turnirin təntənəli bağlanışı zamanı həmin mükafat Teymura veriləndə Kasparov gözlənilmədən mikrofona yaxınlaşaraq, jurnalistlərin ünvanına yersiz sözlər deməyə başlamışdır. Görünür, onun Teymurdan aldığı zərbənin ağrısı özünü bir daha göstərmişdir.
Faiq Həsənov onu da bildirmişdir ki, Linares turniri Teymur Rəcəbova daha bir mötəbər turnirə yol açmışdır. O, iyulun sonunda Almaniyanın Dortmund şəhərində keçiriləcək yarışa dəvət almışdır.