Tibb Universitetində keçirilən elmi-praktik konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetində əməkdaşların hazırladığı elmi-tədqiqat işlərinin yekunları əsasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri - 2018” elmi-praktik konfransı keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfrans başlamazdan əvvəl universitet rəhbərliyi ulu öndər Heydər Əliyevin ATU-dakı büstünün qarşısına əklil qoyub, onun xatirəsini yad ediblər. Azərbaycanın dövlət himni səslənəndən sonra konfrans işə başlayıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli ölkə Prezidentin Sərəncamına əsasən, bu ilin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ölkəmizin hər yerində yüksək səviyyəli tədbirlərin keçirildiyini söyləyib: “Azərbaycan xalqı daim müstəqillik uğrunda mübarizə aparıb, bu yolda çoxlu qurbanlar verib. 1918-ci ilin martında xalqımızın məruz qaldığı soyqırımı, Bakı, Quba, Şamaxı, Qarabağ və digər yerlərdə törədilən kütləvi qırğınlar, 90-cı ilin 20 Yanvar qırğını, Xocalı soyqırımı və ermənilərin törətdikləri digər cinayətlər dövlət müstəqilliyimizin qarşısının alınmasına yönəldilsə də, düşmənlər xalqımızın iradəsini qıra bilməyiblər, onun azadlıq uğrunda apardığı mübarizə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə nəticələnib”.
Rektor vətənimizin azadlığı uğrunda gedən proseslərdə həkimlərin həmişə ön sırada olduğunu qeyd edib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında həkim və tibb işçiləri çox böyük fəallıq göstəriblər. 1918-ci il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti parlamenti tərəfindən ilk dəfə Azərbaycan Xalq Səhiyyə Komissarlığı, yəni ilk Səhiyyə Nazirliyi yaradılıb. 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə yaradılan Bakı Dövlət Universitetinin ilk iki fakültəsindən biri və ən böyüyü tibb fakültəsi olub. Universitetin ilk rektoru həkim olub və onun yaradılmasında böyük əksəriyyəti tibb alimləri təşkil edib. Sonralar - 1930-cu il mayın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan tibb fakültəsinin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılıb.
Professor çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ölkədə yaratdığı əlverişli şərait, sabitlik, iqtisadi inkişaf sosial sahələrin, o cümlədən Tibb Universitetinin inkişafına güclü təkan verib: “1998-2000-ci illərdə ulu öndər Heydər Əliyev iki dəfə ATU-da olub. Universitetin nəzdində hərbi-tibb fakültəsinin yaradılması və 2001-ci ildə ATU-nun Tədris Stomatoloji Klinikasının təşkil edilməsi, klinikanın müasir dövrə uyğun maddi-texniki bazası məhz onun təşəbbüsü ilə olub. Son 15 ildə isə Azərbaycan səhiyyəsi ilə yanaşı, Ulu Öndərin sədaqətli davamçısı Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı sayəsində inkişaf edərək dünya standartları səviyyəsinə çatıb. ATU-nun üç böyük klinikası - Onkoloji, Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarının tikilib istifadəyə verilməsi bunun daha bir sübutudur”.
Son illərdə ATU-da çox ciddi islahatların aparıldığını bildirən rektor dövlətin göstərdiyi qayğı nəticəsində aparılan islahatların davam etdiriləcəyini bildirib.
Sonra elmi-praktik konfrans öz işinə başlayıb. Konfransın plenar sessiyasında ATU-nun mikrobiologiya və immunologiya kafedrasının professoru Akif Qurbanov “Mikroorqanizmlər arasındakı qarşılıqlı münasibətin yeni formasının öyrənilməsi”, urologiya kafedrasının dosenti Rauf Nağıyev “Urolitiazın müasir müalicəsində laparoskopik ureterolitimiyanın yeri”, ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri Çingiz Rəhimov “Rəqəmsal cərrahiyyə. Təsəvvürün reallaşması”, nevrologiya kafedrasının baş laborantı Kamran Salayev “Güclü tərəflər və çətinliklər anketinin Azərbaycan versiyasının validasiyası” mövzusunda geniş məruzələrlə çıxış ediblər.
Konfransın panel sessiyalarında düz bağırsağın bədxassəli törəmələrində icra edilmiş total mezorektal eksiziyanın nəticələri, kəskin əməliyyatdan sonrakı pankreatit və irinli ağırlaşmalar, təkrari və mürəkkəb tiroidektomiyalarda qayıdan qırtlaq sinirinin qorunması, uşaqlarda residiv verən kriptorxizm xəstəliyi zamanı birləşdirici toxuma displaziyasının rolu və digər aktual mövzularla bağlı məruzə və müzakirələr aparılıb.