TİBET ƏCNƏBİ TURİSTLƏR ÜÇÜN YENİDƏN AÇIQDIR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Çin Xalq Respublikasının Tibet muxtar rayonu turistlər üçün yenidən açıq elan edilmişdir.
Xatırladaq ki, mart ayının ortalarında Tibetin müstəqilliyinin tərəfdarları orada iğtişaşlar törədəndən sonra bu diyar əcnəbi qonaqlar üçün bağlı elan edilmişdi. Tibetin inzibati mərkəzi Lxas şəhərində 300-ə yaxın qəsdən törədilmiş yanğın və dinc sakinlərə hücum halları qeydə alınmışdır. Rəsmi məlumatlara görə, iğtişaşlar dövründə 19 nəfər həlak olmuş, 623 nəfər yaralanmışdır.
Hazırda Lxasda vəziyyət sabitləşmişdir. Tibet yenidən əcnəbi jurnalistləri qəbul etməyə başlamışdır. Onların ilk qrupu Olimpiada-2008-in məşəlini bu muxtar diyara gətirilməsi faktını işıqlandırmışdır.
İndi növbə turistlərə çatmışdır. Əcnəbi turistlərin ilk iki nəfəri (Çində onları “laovay” adlandırırlar) çərşənbə günü İsveçdən Tibetə gəlmişdir. Bazar günü buraya Sinqapurdan 4 səyyah gələcəkdir. Yerli turizm agentılikləri ilk növbədə Tibetin müstəqilliyi tərəfdarlarının törətdiyi iğtişaşlar ucbatından turist səfərləri ləğv edilmiş əcnəbiləri dəvət etməyi planlaşdırırlar.
2007-ci ildə bu muxtar rayona 4 milyon turist gəlmişdir. Keçən il turizm sənayesindən əldə edilən gəlir 700 milyon ABŞ dollarına bərabər olmuşdur. Mart iğtişaşlarından sonra buraya turist axını 76 faiz azalmışdır.
Son vaxtlara qədər Tibetə yalnız Çin vətəndaşlarının getməsinə icazə verilirdi. Muxtar rayon əcnəbilər üçün bağlı zona idi.