Ticarətin maliyyələşdirilməsi məqsədilə Qara Dəniz Ticarət və İnkişaf Bankının ayırdığı vəsaitin artırılması Azərbaycanda xarici ticarətin genişlənməsinə kömək edəcəkdir
Bakı, 21 may (AZƏRTAC, Nihat Budaqov). Mayın 21-də Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ticarətin maliyyələşdirilməsi istiqamətində “TuranBank”a ayırdığı revolver kredit xəttinin həcmini 14 milyon ABŞ dollarına qədər artırmışdır.
AZƏRTAC xəbər verir ki, ayrılan maliyyə vəsaiti “TuranBank”a QDTİB-ə üzv ölkələrdən mal idxal edən və ya digər ölkələrə mal ixrac edən Azərbaycandakı müştərilərinin idxal-ixrac əməliyyatlarının dəstəklənməsi üçün nəzərdə tutulmuşdur.
Bu saziş QDTİB-nin Azərbaycanda sürətlə inkişaf edən maliyyə sektorunun dəstəklənməsi və regional ticarətin genişləndirilməsi strategiyasını həyata keçirir.
İmzalanma mərasimindən sonra çıxış edən QDTİB-nin vitse-prezidenti Mustafa Boran bu əməkdaşlığa xüsusi önəm verdiklərini qeyd etmişdir. Bildirilmişdir ki, QDTİB “TuranBank” ilə əməkdaşlığa bir neçə il bundan əvvəl ümumi həcmi 4 milyon ABŞ dolları olan kredit xətti ilə başlamışdır və bu xətt müvəffəqiyyətlə istifadə olunmuşdur. Biz ölkənin maliyyə sektorunun inkişafına dəstək olmaq istiqamətində davamlı öhdəliyimizi nümayiş etdirən bu əməkdaşlığı genişləndirməyə şadıq.
“TuranBank”ın idarə heyətinin sədri Nazim Sadıqov da öz növbəsində imzalanan kredit müqaviləsinin xarici ticarət əlaqələrini inkişaf etdirməklə region ölkələri arasında əməkdaşlığın inkişafına təkan verəcəyini bildirmişdir.
Qeyd edilmişdir ki, QDTİB Azərbaycanda ticarətin maliyyələşdirilməsi proqramına 2002-ci ildə başlamış və ötən müddət ərzində bu proqram çərçivəsində özünün yerli dörd tərəfdaş bankı vasitəsilə 88 milyon ABŞ dollarından çox vəsait ayırmışdır.
1992-ci ildə fəaliyyətə başlayan “TuranBank” Açıq Səhmdar Cəmiyyəti ənənəvi bank fəaliyyətini həyata keçirən tam lisenziyalı bankdır. 2013-cü ilin sonuna 311,2 milyon dollar (244,3 milyon manat) həcmdə aktivlərə malik olan “TuranBank” bu göstəriciyə görə Azərbaycanın bank sektorunda 1,2 faiz pay sahibidir. 2013-cü ilin sonuna bankın kredit portfelinin 50 faizdən çox hissəsini KOS və mikrokreditlər təşkil etmişdir.
“TuranBank”ın 28 səhmdarlarından 22-si fiziki, 6-sı isə hüquqi şəxsdir. Bankın nizamnamə kapitalı 44 milyon manat (56 milyon ABŞ dolları) və məcmu kapitalı isə 50,5 milyon manat (64,3 milyon ABŞ dolları) təşkil edir. Bütün səhmdarlar minoritar səhmdarlardır (10 faizdən az pay) və heç bir səhmdar bankın üzərində tam nəzarətə malik deyildir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Ermənistan, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna dövlətləri tərəfindən yaradılan beynəlxalq maliyyə institutudur. QDTİB-nin qərargahı Yunanıstanın Saloniki şəhərində yerləşir. Bank ssuda, kredit xətləri, səhm kapitalı, layihələrə zəmanət verilməsi, həmçinin ictimai və özəl sektorlarda ticarətin maliyyələşdirilməsini həyata keçirtməklə üzv ölkələrdə iqtisadi inkişaf və regional əməkdaşlığa dəstək olur. Bankın nizamnamə kapitalı 3,45 milyard avro təşkil edir. QDTİB “Standard and Poor’s” agentliyi tərəfindən uzunmüddətli “A-”, “Moody's” agentliyi tərəfindən isə “A2” reytinqinə layiq görülmüşdür.