ELM VƏ TƏHSİL
TİKA koordinatoru Dünya Robot Olimpiadasının qalibləri ilə görüşüb
Bakı, 30 noyabr, AZƏRTAC
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz Azərbaycan Texniki Universitetinin (AzTU) “Cezeri Lab” laboratoriyasında Dünya Robot Olimpiadasında üçüncü yerə layiq görülən AzTU tələbələrindən təşkil olunmuş “Platon Tech” komandasının üzvləri ilə görüşüb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə komandanın “Cezeri Lab”da Dünya Robot Olimpiadasına hazırlıq prosesini əks etdirən videoçarx nümayiş olunub.
AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, komandanın Dünya Robot Olimpiadasına hazırlıq prosesi “Cezeri Lab”da həyata keçirilib. AzTU və TİKA-nın əməkdaşlığı nəticəsində yaradılan “Cezeri Lab”da tələbələrin beynəlxalq müsabiqələrə hazırlaşmaları üçün yaxşı imkanlar var. Rektor tələbələrin beynəlxalq yarışlara hazırlaşmaları üçün onlara lazımi şəraitin bundan sonra da yaradılacağını bildirib. V.Vəliyev qeyd edib ki, tələbələrin laboratoriyanın imkanlarından daha rahat istifadə etmələri üçün yaxın vaxtlarda “Cezeri Lab”ın ərazisinin genişləndirilməsi nəzərdə tutulur.
TİKA Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz Azərbaycanı layiqincə təmsil etdikləri üçün “Platon Tech”in üzvlərini təbrik edib. Bildirib ki, son illər AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər öz nəticəsini verməkdədir. Tələbələrin beynəlxalq yarışlarında uğurlu nəticə göstərmələri bunun sübutudur.
“Platon Tech” komandasının üzvləri AzTU “SABAH” qruplarının informasiya texnologiyaları ixtisasının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli və ADNSU-nun tələbəsi Fərid Şixiyev komandanın hazırladığı prototip haqqında məlumat veriblər. Onlar ideyanın yaranma səbəbi və fərqli xüsusiyyətlərindən danışıblar. Komandanın üzvləri onlara yaradılan şəraitə görə AzTU-nun rəhbərliyinə təşəkkür ediblər.
Daha sonra AzTU-nun rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev “Cezeri Lab”ın imkanlarının səmərəli istifadəsindən və burada uğur qazanan tələbələrin fəaliyyətlərdən danışıb.
Görüşün sonunda layihənin ərsəyə gəlməsində dəstəklərinə görə laboratoriyada aktiv fəaliyyət göstərən AzTU tələbələri Mirsahib Ağazadə və Ömər Ələsgərov fəxri fərmanla təltif edilib.
Xatırladaq ki, 76 ölkədən 2000-dən çox iştirakçının qatıldığı Dünya Robot Olimpiadasında həmyerlilərimiz “Future Innovators Senior” nominasiyası üzrə dünya üçüncüsü olublar.