Tokio qubernatoru vəzifəsinə seçkilər üzrə kampaniyaya start verilib
Tokio, 18 iyun, AZƏRTAC
İyunun 18-də Yaponiyanın paytaxt prefekturasında iyulda keçiriləcək qubernator seçkiləri üzrə rəsmi kampaniyaya start verilib.
AZƏRTAC seçki komissiyasına istinadla xəbər verir ki, bu vəzifəni tutmaq uğrunda 18 namizəd mübarizə aparacaq.
Bununla yanaşı, gün ərzində əlavə sənədlərin qəbulunun mümkünlüyü də bildirilir. Qeyd edilir ki, qubernator vəzifəsi uğrunda mübarizəyə ümumilikdə 20 nəfər qoşulmaq istədiyini bildirsə də, onlardan ikisi namizədliyini artıq geri götürüb.
Seçkiqabağı kampaniyada əsas diqqət yetiriləcək mövzular isə koronavirus pandemiyasına qarşı mübarizə, keçirilmə vaxtı gələn ilə dəyişdirilən Olimpiya və Paralimpiya Oyunlarının təşkili olacaq.
Tokio qubernatoru vəzifəsi uğrunda indiki qubernator xanım Yuriko Koike ilə yanaşı, “Reyva Şinsen Qumi” partiyasının sədri Taro Yamamoto, “Xalqı NHK ictimai televiziyasından qoruyaq” partiyasının sədri Takaşi Taçibana, tanınmış hüquqşünas, Yaponiya Vəkillər Federasiyasının keçmiş sədri Kenci Utsunomiya və digərləri mübarizə aparacaqlar. Yeri gəlmişkən qeyd edək ki, sonuncu namizəd 2012-ci və 2014-cü illərdə keçirilən qubernator seçkilərində ikinci yeri tutub.
Namizədlər arasında daha çox Taro Yamamotonun proqramı böyük əks-səda doğurub. Belə ki, o, qalib gələcəyi halda bütün dünyada epidemioloji vəziyyətin çox gərgin olduğunu əsas gətirərək, Olimpiadadan imtina edəcəyini deyib.
Yaponiya qanunvericiliyinə əsasən, seçki kampaniyası iki həftə davam edəcək, seçkilər isə iyulun 5-də baş tutacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio