DÜNYA
Tokioda iyunda 1875-ci ildən bəri rekord səviyyədə istilər qeydə alınıb
![Tokioda iyunda 1875-ci ildən bəri rekord səviyyədə istilər qeydə alınıb](/files/2022/2/1200x630/1656595091352447886_1200x630.jpg)
Tokio, 30 iyun, AZƏRTAC
İyunun 30-da Tokioda 1875-ci ildən bəri başlayan müşahidələrə görə görünməmiş istilər qeydə alınıb. Azı 11 nəfərin həyatını itirdiyi bildirilir.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, termometrin civə sütunu günorta saatlarında 36,4 dərəcə Selsi göstərib. Tokionun qonşuluğunda yerləşən Saytama prefekturasında günorta saatlarında 38,4-39,8 dərəcə Selsi istilər qeydə alınıb.
Bildirilir ki, Yaponiya paytaxtında isti hava ötən həftənin sonlarında başa çatan yağışlar fəslindən sonra müşahidə olunub. Paytaxt regionu üçün bu ilki yağışlar fəsli 1951-ci ildən, meteoroloqların müvafiq statistikanı aparmağa başlamasından bəri ən qısa müddətli olub. Ötən istirahət günlərində Yaponiyanın şərqində yerləşən İsesaki şəhərində ən yüksək istilər - 40,1 dərəcə Selsi qeydə alınıb.
Tokio rəsmilərinin bildirdiyinə görə, iyunda paytaxt regionunda azı 11 nəfər günvurması nəticəsində həyatını itirib. Bunun son 10 illər ərzində qeydə alınan ən yüksək göstərici olduğu vurğulanır. Həyatını itirənlərin əksəriyyətinin 70-90 yaş arası sakinlər olduğu qeyd edilir.
Tokio Yanğınsöndürmə Departamenti əhaliyə kondisionerdən istifadə etməyi, tez-tez su içməyi, günün isti saatlarında günəş altında gəzməməyi tövsiyə edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio