TORPAQ EHTİYATLARINDAN SƏMƏRƏLİ VƏ QANUNAMÜVAFİQ İSTİFADƏ OLUNMALIDIR
Seminar-müşavirədə torpaqdan istifadə, onun mühafizəsi, torpaqpaylama işləri və digər məsələlərlə əlaqədar kifayət qədər qanunların, hüquqi aktların olduğu diqqətə çatdırılmış, əhalinin bu sahədə maarifləndirilməsinin zəruriliyi vurğulanmışdır. Qeyd edilmişdir ki, torpaq məsələləri ilə bağlı, xüsusilə bələdiyyə torpaqları ilə əlaqədar mübahisələrin, bir sıra hallarda isə qanun pozuntularının bir səbəbi də bələdiyyələrin, habelə vətəndaşların öz hüquq və səlahiyyətlərini dərindən bilməmələri, torpaq ehtiyatlarından istifadə zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etməmələridir. Respublikamızda bələdiyyə mülkiyyətində olan 2,7 milyon hektardan çox torpağın istifadəsi ilə bağlı müəyyən problemlər vardır. Bəzi bələdiyyələr bilməyərəkdən, bəzən isə bilərəkdən torpaq qanunvericiliynin tələblərini pozur, torpaqdan istifadə qaydalarına düzgün riayət etmir, vətəndaşların torpaqla əlaqədar müraciətlərinin icrasında qanun pozuntularına yol verirlər. Torpaq ehtiyatlarından istifadə zamanı yol verilən bu tipli nöqsanlar, nəticə etibarilə, bəzi hallarda hüquqi məsuliyyət səviyyəsində ciddi olur. Odur ki, hər bir bələdiyyənin torpaqla bağlı öz hüquq və səlahiyyətlərini bilmələri olduqca vacibdir.
Seminar-müşavirədə əsas diqqət ölkə Prezidentinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı ardıcıl surətdə həyata keçirdiyi tədbirlərə, bu sahədə kifayət qədər ciddi baza sayılan torpaq ehtiyatlarından səmərəli istifadənin zəruriliyinə yönəldilmişdir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin müşaviri Rafiq Süleymanov, komitənin bölmə müdiri Ədalət Salmanov, mətbuat xidmətinin rəhbəri Hikmət Məmmədov torpaq qanunvericiliyi ilə əlaqədar iştirakçıları maraqlandıran suallara aydınlıq gətirmiş, müraciət və şikayətlər dinlənilərək, qanunamüvafiq tədbirlər görülmüşdür.