TORPAQLARIN İSTİFADƏSİ VƏ MÜHAFİZƏSİNƏ NƏZARƏT DAHA DA GÜCLƏNDİRİLMƏLİDİR
Tədbirin məqsədi torpaqların istifadəsi və mühafizəsinə dövlət nəzarətinin təmin edilməsi, yerli özünüidarə orqanlarının və ictimaiyyət nümayəndələrinin torpaq qanunvericiliyi ilə daha dərindən tanış edilməsi, ərizə və şikayətlərin yerində, vətəndaşların iştirakilə araşdırılması olmuşdur.
Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən torpaq islahatları regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində daha da dərinləşməkdədir. Ölkə əhalisinin 3 milyon 500 minə yaxın subyektini əhatə edən torpaq islahatının hazırda ikinci mərhələsinə başlanmışdır. Bu mərhələdə də yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, mərkəzi icra hakimiyyəti orqanları ilə yanaşı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin üzərinə daha ciddi məsuliyyət düşür. Məhz buna görə də yerlərdə torpaq münasibətlərində iştirak edən istər vətəndaşlar, istərsə də yerli icra hakimiyyəti orqanları, xüsusilə bələdiyyələr öz hüquq və səlahiyyətlərini dərindən bilməlidirlər.
Diqqətə çatdırılmışdır ki, bu sahədə ən çox narahatlıq doğuran məsələ bələdiyyə torpaqları ilə bağlıdır. Bəzi hallarda bələdiyyələr torpaq qanunvericiliyinin tələbini pozur, yol verilən nöqsanlar hüquqi məsuliyyətə cəlb ediləcək dərəcədə ciddi olur. Bununla əlaqədar komitə tərəfindən müntəzəm tədbirlər həyata keçirilir. Lakin bu, heç də kifayət etmir. Ona görə də hər bir bələdiyyənin torpaqla bağlı öz hüquq və səlahiyyətlərini bilməsi olduqca vacibdir.
Seminar-müşavirədə torpaq ehtiyatlarından səmərəli və qanun çərçivəsində istifadə edilməsi, vətəndaşlar tərəfindən daxil olmuş ərizə və şikayətlərin yerində, obyektiv araşdırılması ilə bağlı komitənin rayon şöbələrinə və bələdiyyələrə lazımi tapşırıqlar verilmişdir.
Müşavirədən sonra bələdiyyələrin və yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə vətəndaşların ərizə və şikayətlərinə baxılmış, qanunamüvafiq tədbirlər görülmüşdür.