REGİONLAR
Tovuzda barama istehsalında məhsuldarlığın artırılması ilə bağlı seminar-müşavirə keçirilib
Tovuz, 7 aprel, Famil Quliyev, AZƏRTAC
Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, Azərbaycanda qədim ənənələrə malik ipəkçiliyin dirçəldilməsi dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bu fikir Tovuz Rayon İcra Hakimiyyətində “Tut ipəkqurdunun bəslənilməsinin düzgün təşkili və məhsuldarlığın artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi”nə həsr olunan regional seminar-müşavirədə səsləndirilib.
Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında barama istehsalı ilə məşğul olan sahibkarların iştirakı ilə keçən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Niftalı Qasımov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdir müavini Rəfail Mahmudov, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev, “Şəki İpək” ASC-nin aqronomu Fərahim Yusifov, Tovuz Kənd Təsərrüfatı İdarəsinin rəisi Rəhman Qasımov və başqaları çıxış edərək, ölkədə baramaçılığın inkişafı ilə bağlı görülən işlərdən danışıblar.
Baramaçılığın inkişaf etdirilməsinin prioritet sahələrdən olduğunu vurğulayan natiqlər bildiriblər ki, bir neçə il əvvələdək ölkədə çox cüzi miqdarda barama istehsal olunurdu. Prezidentin tapşırığından sonra bu sahəyə diqqət artırıldı və keçən il 245 ton barama əldə edildi. Bu il isə 400 ton barama istehsalı planlaşdırılır. Baramaçılığın inkişafına dair Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin isə 6 min tona çatdırılması nəzərdə tutulur.
Seminar-müşavirədə baramaçılara ipəkqurdularının saxlanılması istiqamətində məsləhətlər də verilib.