TOVUZDA YAP ƏRAZİ TƏŞKİLATI PREZİDENT SEÇKİLƏRİ İLƏ BAĞLI TƏDBİR KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, qarşıdan gələn prezident seçkilərinə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı Dondar Quşçu kənd ərazi təşkilatında geniş yığıncaq keçirilmişdir.
Ağsaqqalların, ziyalıların və kənd fəallarının da qatıldığı yığıncaqda ərazi təşkilatının sədri Vaqif Mirzəliyev gündəlikdəki məsələ haqqında məlumat verdikdən sonra müzakirələr olmuşdur.
Ağsaqqallar Ənvər Babayev və Tapdıq Qarayev bəyan etmişlər ki, xalqımız birdəfəlik öz seçimini etmişdir. Biz Azərbaycanda alternativi olmayan Heydər Əliyev siyasətinə hələ 2003-cü ildə hamılıqla səs verib İlham Əliyevi Prezident seçmişik. Ötən 5 il ərzində Prezidentimiz xalqa verdiyi bütün vədləri yerinə yetirmişdir. İndi Azərbaycan xalqının rifahı ilbəil yox, aybaay, az qala günbəgün yaxşılaşır. Ölkəmizdəki sabitlik, əmin-amanlıq çox dövlətlərin qibtə edəcəyi bir səviyyədədir. Tarix bizə şans verib ki, bir daha bütün dünyaya Azərbaycan xalqı ilə onun iqtidarı arasında möhkəm birlik olduğunu və Azərbaycan hökumətinin xalqın arzu və istəklərinə uyğun olaraq yalnız ona xidmət etdiyini göstərək. Natiqlər vurğulamışlar ki, oktyabr seçkilərində biz ellikcə seçki məntəqələrinə gələrək respublikamızda azad, demokratik və şəffaf seçkilər keçirilməsinə öz töhfəmizi verməliyik.
Seçki kampaniyası üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir.