Trampın vergi sənədlərini oğurlayan şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib
Bakı, 30 yanvar, AZƏRTAC
Amerikanın sabiq Prezidenti Donald Trampın və başqalarının vergi sənədlərini oğurlayan şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.
AZƏRTAC CNN politics saytına istinadən xəbər verir ki, 38 yaşlı Çarlz Littlkon Daxili Gəlir Xidməti ilə müqavilələri olan bir firmada işləyərkən Trampın vergi bəyannamələrini və digər şəxslərin vergi məlumatlarını oğurlayıb.
İddiaya görə, Littlkon məlumatları iki xəbər agentliyinə sızdırıb və sənədləri geri qaytarmazdan əvvəl notbukundan silib. Hakim Ana Reyes cinayətin ağırlığını vurğulayaraq, bunun ABŞ və onun hüquqi əsaslarına qarşı hücum olduğunu bildirib.
"Birləşmiş Ştatların sabiq prezidentinə qarşı yönəlmiş bu hücum konstitusiya demokratiyasına qarşı hücuma bərabərdir", - deyə Reyes qeyd edib.
Hakim Littlkonun hərəkətlərini 6 yanvar 2021-ci ildə Kapitolidə baş vermiş hücum ilə müqayisə edərək, "bu hərəkətlərin demokratiya üçün təhlükə olduğunu" bildirib.
“Azad mətbuat və media ilə ictimai əlaqə istənilən sağlam demokratiya üçün çox vacibdir, lakin şəxsi vergi məlumatlarının oğurlanması və sızdırılması fərdləri ən həssas məlumatlarının hüquqi müdafiəsindən məhrum edir”, - deyə prokuror Littlkonun məhkəməsində bildirib.
Məhkəmədə Littlkon ölkəyə xidmət etdiyini və insanların vergi məlumatı almaq hüququna malik olduğunu bildirərək səmimi, lakin səhv hərəkət etdiyini bildirib.
Littlkon hərəkətlərinin nəticələrindən xəbərdar olduğunu və bir gün federal məhkəmədə bu nəticələrlə üzləşəcəyini bildiyini qeyd edib.