İQTİSADİYYAT
Tural Məmmədov: Dövlət qurumlarını kiberhücumlardan qoruyacaq sistem bu il istifadəyə veriləcək VİDEO
Bakı, 2 fevral, AZƏRTAC
Dövlət qurumlarını təhlükəsiz şəbəkə ilə təmin etmişik. Tərəfimizdən dövlət qurumlarının saytlarına olan 911 milyon 430 min zərərli keçid bloklanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Dövlət Qurumlarının İT rəhbərlərinin III Zirvə toplantısı”nda çıxışı zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib.
T.Məmmədov qeyd edib ki, 7 milyon 122 min 200 zərərverici də son istifadə hallarında bloklanıb.
“Bu keçidlərin bir qismi xüsusi hədəflənmiş zərərvericilər olub. Zərərli faylların analizi sistemi vasitəsilə son 1 il ərzində 1 milyon 103 min 650 zərərli fayl aşkarlanıb. Son istifadəçilərin bu faylları endirib istifadə etməsinin qarşısı alınıb", - deyə T.Məmmədov əlavə edib.
Dövlət orqanlarının internet informasiya resurslarından istifadə üzrə 119 yeni domen və 323 subdomenin fəaliyyətə başladığını deyən T.Məmmədov diqqətə çatdırıb ki, cari ildən yeni “Anti-DDoS” sisteminin tətbiqinə başlanılacaq: “Bu sistem dövlət qurumlarının kiberhücumlara qarşı daha təkmil qorunmasına xidmət edəcək”, - deyə o vurğulayıb.