Turizm və Menecment Universiteti ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
Bakı, 30 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) də təmsil olunur.
Universitetdən AZƏRTAC-a bildirilib ki, sərgidə ATMU nümayəndələri abituriyentlərə tədris olunan ixtisaslar, qəbul qaydaları, təhsil imkanları, tələbə həyatı və karyera perspektivləri barədə ətraflı məlumat veriblər.
ATMU əməkdaşları sərgi çərçivəsində abituriyentlərə turizm, hotelçilik, menecment, marketinq, biznesin idarə edilməsi və digər istiqamətlər üzrə təhsil imkanlarını təqdim ediblər.
Görüşlər zamanı tədris proqramları, praktiki hazırlıq imkanları, peşəkar kadr hazırlığı istiqamətində həyata keçirilən layihələr və beynəlxalq təcrübə imkanları barədə məlumat verilib. Bildirilib ki, ATMU-da tələbələrin yalnız nəzəri biliklərə deyil, həmçinin praktiki bacarıqlara yiyələnməsinə xüsusi önəm verilir. Universitet tərəfindən həyata keçirilən təcrübə proqramları, beynəlxalq əməkdaşlıq layihələri, tələbə mübadiləsi imkanları və müxtəlif peşəkar inkişaf təşəbbüsləri gənclərin gələcək karyera hazırlığında mühüm rol oynayır.
Xatırladaq ki, ali təhsil müəssisələrinin sərgisi iyulun 29-dan başlayıb və 31-dək davam edəcək. Sərgi DİM-in elektron imtahanlar korpusunda keçirilir.