ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetində Anım Günü qeyd olunub
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 27 Sentyabr - Anım Günü qeyd olunub.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor İlham Mədətov Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başlandığını diqqətə çatdırıb. Rektor 44 gün davam edən müharibədə əsgər və zabitlərimizin qəhrəmanlıq göstərdiyini, arxa cəbhədə çalışan mülki insanların, bütövlükdə xalqımızın əzm və iradə, birlik və həmrəylik nümayiş etdirdiyini xüsusi vurğulayıb.
Rektor İlham Mədətov Ali Baş Komandan, Prezident İlham Əliyevin xarici və daxili siyasəti, rəşadətli əsgər və zabitlərimizin, şəhid və qazilərimizin qəhrəmanlıqları sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edib. O, Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramını bildirib.
Sonra ATMU-nun məzunu olmuş Vətən müharibəsi şəhidi Məhəmmədəli Həsənzadənin xatirəsinə hazırlanmış videoçarx nümayiş etdirilib.
ATMU-nun Biznes idarəçiliyi fakültəsinin İqtisadiyyat kafedrasının müəllimi Vüsal Həsənov Məhəmmədəli Həsənzadə ilə bağlı xatirələrini bölüşüb, onunla qürur duyduğunu vurğulayıb.
Qeyd edək ki, universitetin Biznes idarəçiliyi fakültəsindən menecment ixtisası üzrə məzun olmuş Məhəmmədəli Həsənzadə 2020-ci il noyabr ayının 6-da Xocavənd rayonunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ümumiyyətlə isə ATMU-nun 60 nəfərdən artıq tələbə və məzunu döyüş əməliyyatlarında misilsiz qəhrəmanlıq göstərdiklərinə görə Azərbaycan Respublikasının medalları ilə təltif edilib.