Turizm və Menecment Universitetinin məzunu Çin Hökumət Təqaüdünə layiq görülüb
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) məzunu Humay Qasımova beynəlxalq akademik uğura imza atıb. O, Çin Hökumət Təqaüdünü (Chinese Government Scholarship) qazanaraq Siçuan Universitetində biznesin idarəedilməsi ixtisası üzrə magistratura təhsili almaq hüququ əldə edib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Turizm və Menecment Universitetindən bildirilib.
Humay Qasımova ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsində tərcüməçilik ixtisası üzrə təhsil alıb. O, eyni zamanda, ATMU ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti arasında həyata keçirilən Azərbaycan-Avstriya ikili diplom proqramının məzunu olaraq beynəlxalq təhsil təcrübəsi qazanıb.
Çin Hökumət Təqaüdü beynəlxalq səviyyədə nüfuzlu təhsil imkanlarından biri hesab edilir.